Orta insan vaxtını necə öldürməyi düşünür,
istedadlı insan isə ondan istifadə etməyə can atır.

Şopenhauer А.

Əgər siz də “Vaxt elə uçur ki!” deyənlərdənsinizsə, onda ümid edirəm ki, bu məqalə azacıq da olsa, sizə vaxtınızı daha səmərəli istifadə etməkdə yardımşı olacaq. Çünki mən aşağıda göstərilən sadə metodlardan istifadə etməklə əmin olmuşam ki, hər gün 24 saatı maksimal olaraq effektiv yaşamaq mümkündür.

Bu metodlar təkcə kompüterdə işləyərkən deyil, həyatımızın digər sahələrində də olduqca faydalı ola bilər. Ancaq bugün kompüterin həyatımızın ayrılmaz hissəsi olduğunu nəzərə alıb bu məqaləni bütün kompüter istifadəçilərinə ünvanlayıram. Hər bir metodu gündəlik vərdişlərə çevirin və onda anlayacaqsınız ki, sən demə, vaxt deyil, vaxtınız uçur. Yəni zamanı saxlaya bilməsək də, onu idarə etmək və ondan maksimum faydalanmaq öz əlimizdədir.

1. Kompüter arxasına keçməzdən əvvəl görəcəyiniz işlərin siyahısını tərtib edin.

Kompüterdən evdə və ya işdə istifadə etməyinizdən asılı olmayaraq onu yandırmazdan əvvəl mütləq bütün işlərinizin siyahısını tutun. Bu yolla siz konkret olaraq nədən başlayıb nədə qurtaracağınızı müəyyən etmiş olarsınız.Unutmayın ki, onsuz da xaotizmə meylli olan biz insanlar ətraf aləmdən aldığımız çoxsaylı müxtəlif məlumatın təsiri altında daha da nizamsız oluruq.

Beləliklə, günün sonunda bu siyahıya yenidən nəzər salın və yerinə yetir bilmədyiniz və ya yarımçıq qalan tapşırıqları sabaha keçirin.

2. Tutduğunuz siyahıda mutləq işləri prioritetlər üzrə qruplaşdırın.
Xırda işlərdən başlamış ən iri planlarımızadək prioritetləri müyyənləşdirmək olduqca vacibdir. Çox zaman bunu etmədiyimizdən vaxtımızı səmərəsiz keçirir və sonra da şikayətlənirik ki, “vaxt elə uçur ki!”. Sizə tanış ifadədir, eləmi? Beləcə, həyatımız özümüz də hiss etmədən sürətlə ötüb keçir.
Ona görə də vaxtına dəyər verən hər bir kəs ilk növbədə prioritetləri müyyənləşdirməyi öyrənməli və hər bir sahədə tətbiq etməlidir. Əslində, bunun özü də bir bacarıqdır, sənətdir. Tanıdığınız bir çox uğurlu insanların əsas sirlərindən biri də elə budur.
Prioritetlərinizi elə bu gundən təyin etməyə başlayın ki, sabah siz də o qabaqcıl insanların sırasında olasınız!

3. Mütəmadi istirahət edin ki, daha məhsuldar və effektiv işləyə biləsiniz.

İşinizin xarakterindən asılı olmayaraq, gününüzün daha məhsuldar keçməsini istəyirsinizsə, o zaman istirahətinizə xüsusi diqqət etməlisiniz, xüsusən də işiniz zehni fəalliyətlə birbaşa bağlıdırsa. Çünki müşahidələr göstərmişdir ki, əgər fiziki yorğunluğun tam çıxması üçün insana 3 gün kifayət edirsə, zehni yorğunluq 1 həftədən tez keçmir. İndi özünüz təsəvvür edin: görün bizim zavallı orqanizm tam dincəlməyə macal tapmamış biz onu necə yükləyirik! Sonra da enerjimizin azlığından şikayətlənirik.

Ona görə də vaxtın idarə edilməsi üzrə mütəxəssislərin çoxu tövsiyə edirlər ki, kompüterdə çalışan hər bir kəs hər 1 saatda 5 dəq və ya hər 1.5 saatdan bir 10 dəq. işini bir kənara qoysun və istirahət etsin.

4. Gün ərzində kompüter arxasında nə qədər vaxt keçirdiyinizi hər dəfə qeyd edin.

Hər dəfə kompüter arxasında əyləşərkən özünüz üçün bir kənarda işə nə vaxt başladığınızı qeyd edin. Günün sonunda isə kompüterdə işinizi bitirdiyiniz vaxtı qeyd kitabçanıza yazmağı unutmayın. Bir həftə ərzində bu rejimə riayət etsəniz, hiss edəcəksiniz ki, vaxtınızı sözün əsl mənasında idarə etməyə başlamısınız. Həm vaxtınıza bu bir həftəlik nəzarət əsasında öyrənəcəksiniz ki, kompüterdə işləyərkən ən vaxtınızı ən çox nə alır. Çünki yuxarıda 1-ci metoda uyğun olaraq hər gün əlinizdə gördüyünüz işlərin siyahısı olacaq.

5. Uyğun gələn işləri qruplaşdırın.

Görəcəyiniz işlərin siyahısına nəzər salsanız, görərsiniz ki, onlar arasında bəziləri bir-biriylə əlaqəlidir və ya eyni zamanda yerinə yetirliə bilər. Həmin işləri qruplaşdırın və paralel olaraq yerinə yetirin. Beləliklə, vaxtınıza xeyli qənaət etmiş olarsınız.

6. Hər işi yerinə yetirmək üçün dəqiq bir müddət təyin edin və çalışın ki, həmin zaman kəsiyində tapşırığı bitirəsiniz.

Bilirsinizmi ki, gündəlik işlərə adətiniz üzrə ayırdığınız vaxtı əslində azaltmaqla eyni nəticə ala bilərsiniz. Yəni hər şey gün ərzində beynimizi necə proqramlaşdırmağımızdan asılıdır. Hər işi yerinə yetirərkən vaxta maksimum qənaət etməyə özünüzü alışdırsanız, tapşırıqları əvvəl olduğundan daha tez bitirər və gün ərzində daha çox iş görmüş olarsınız. Bunu sınayana qədər mən də yanlış olaraq düşünürdüm ki, bu mümkün deyil. Özünüz sınayın və onda əmin olacaqsınız ki, keyfiyyətli işi qısa vaxt kəsiyində də etmək mümkündür.

7. Kompüterə yüklədiyiniz materialları audio formata keçirib istədiyiniz yerdə öz mp3 player-inizdə qulaq asın.

Məsləhət görərdim ki, kompüterdə rəqəmsal kitabxananızda saxladığınız bir sıra kitabları və s. (fərqi yoxdur onlar ixtisas yönümlüdür və ya hobbinizlə bağlıdır) audio formata keçirib daha uyğun vaxtda dinləyəsiniz. Bunu sınamış adam kimi deyə bilərəm ki, bu yolla həm vaxtınıza kifayət qədər qənaət edə bilərsiniz, həm də kompüter arxasında daha az oturmaqla enerjinizi qorumuş olarsınız. Vaxtınıza belə qənaət edə bilərsiniz ki, o materialları kompüterdə oxumaq əvəzinə onlara audio versiyasında qulaq asa və həm də paralel olaraq digər işlərinizi görə bilərsiniz (məsələn, mən belə audio faylları adətən ev işləri ilə məşğul olarkən dinləyirəm). Bir çoxlarımız yollarda dəfələrlə tıxaclara düşmüş, bəzən saatlarla qiymətli vaxtımızı itirmişik. Bax belə hallarda audio dinləmə lap yerinə düşər.

Maraqlı bir faktı da nəzərinizə çatdırım: ABŞ-ın Cənubi Karolina universitetinin əməkdaşlarının son araşdırmalarına əsasən məlum olmuşdur ki, avtomobildə audioproqramlara qulaq asmaqla tam universitet kursuna bərabər bir təhsil almaq olar.

Ən Yeni Postları E-maillə Alın

Enter your email address:

Delivered by FeedBurner