Yaponiyada “keital” adlanan mobil telefon romanları gənc əhali, xüsusən də qadınlar arasında bestsellerə çevrilmişdir.Statistikaya görə burada orta məktəbdə təhsil alan qızların 75%-I, ibtidai məktəbdə oxuyanların isə 23%-I romanları mobil telefonda qiraət edir.

Keçən il Yaponiyada 10 ən çox oxunan romanın nəşr variantı mobil telefon formatına keçirildikdən sonra onların hər biri 400 000-ə yaxın nüsxədə satılmışdır.
Bu ölkədə əhalinin böyük əksəriyyəti qatardan istifadə etdiyindən onlaynda ünsiyyətə girmək və yazılı mesajlar geniş vüsət almışdır. Yaponiyada izdihamlı yerdə telefonla danışmaq ədəbsizlik sayılır, bundan başqa yazılı mesajlaşma səsli xidmətdən daha ucuz başa gəlir.



Bu səbəbdən Yaponiyada qatara minən kimi orada yüzlərlə insanı diqqətlərini mobil telefonda cəmləmiş halda görə bilərsiniz. Oğlanlar daha çox oyunlar oynamaqla, qızlar isə roman oxumaqla məşğul olur.

Yeri gəlmişkən, əgər siz də nəqliyyatda vaxtınıza qənaət etmək istəyirsinizsə, textnovel.com saytına baş çəkə bilərsiniz. Bu, mobil telefon üçün nəzərdə tutulmuş romanların yerləşdirildiyi ilk ingilisdilli saytdır.

Beləliklə, bu gün hansı məkanda olmağınızdan asılı olmayaraq hər saatınızı daha məhsuldar və faydalı keçirə bilərsiniz! Yetər ki, təxəyyülünüzdən və texnologiyanın son nailiyyətlərindən faydalana biləsiniz.

İnsanın daxilində arzular, məqsədlər, niyyətlər bitib - tükənmək bilmir… Ancaq təbiətdə hər bir şeydə bir düzən movcuddur. Bizim də hər birimiz o təbiətin bir parçasıyıq. Demək ki, həyatımız da bu nizam-intizamdan kənar düşməməlidir. Əlbəttə, etiraz ede bilərsiniz ki, nizam-intizam, müəyyən qrafik və qaydalar üzrə yaşamaq mənə görə deyil. Ancaq unutmayın ki, bu həyatda başlıca missiyanızı anlamadan və hansı yeri tutmalı, hara getməli olduğunuzu bilmədən istədiklərinizə tam nail ola bilməzsiniz.

Beləliklə, daim təkmilləşməyə can atan hər bir şəxs özünə aşağıdakı sualları mütləq verməli və cavablandırmalıdır:

1. Mən əslində nə istəyirəm?

Tarix boyu bir çoxlarını düşündürmüş sual! Əlbəttə, həyatda çox şeyə nail olmaq istəyirik, amma vaxtımız o qədər azdır ki! Bəzən sutkanın heç 24 saatı kifayət etmir.

Ancaq bu sualı gün ərzində bir neçə dəfə özünüzə verməklə həyatınızı xaotiklikdən qurtara bilərsiniz. Başqa sözlə, lazımi zamanda lazımi yerdə olmağa can atın və bir gün mütləq buna nail olacaqsınız.

2. Mən doğrudan da dəyişməliyəm?

Həyatda hər bir şey hərəkətdədir: üzərində yaşadığımız Yer kürəsindən tutmuş hüceyrələrimizin daxilindəki molekul və atomlaradək! Elə isə insan da dəyişməyə məhkumdur! Daha doğrusu, özü də hiss etmədən o daim hərəkətdədir. Ancaq əsas sual bax budur: İrəliyə yoxsa geriyə?

Bax bu barədə mütləq düşünün! Elə bu gün irəliyə doğru kiçik bir addım atmağınız sizin yaxında həyatınızı ağlınıza gəlməyəcək qədər gözəlləşdirə bilər.

3. Hal-hazırda etdiklərim məni qane edirmi? Bu zaman özümü rahat hiss edirəmmi?

Bu halı bilirsiniz nə ilə müqayisə etmək olar? – Çoxlarımız hansı köynəklə hansı şalvarın, və ya hansı kəmərlə hansı ayaqqabının uyğunlaşdığını asanlıqla müəyyənləşdirir. Bunun üçün qətiyyən dahi olmaq lazım deyil :).

Ancaq məsələ həyatımıza, hazırkı işimizə gəldikdə bəzən özümüzü elə çaşqın hiss edirik ki! Hətta bəzən bizə elə gəlir ki, sonu görünməyən qara bir tunelə düşmüşük və hec cür çıxa bilməyəcəyik. Amma şikayətlənməyə tələsməyin!

Sadəcə, geyimlərimizi dəyişdiyimiz kimi, gündəlik həyat tərzimizə də rəngarənglik qatmağı unutmamalıyıq. Yalnız bu cür “eksperimentlər” və daimi axtarışlar sayəsində biz əsil xoşbəxtlik və harmoniyaya gedən yolu kəşf edə bilərik.

Məncə, bu günlük düşünmək üçün 3 sual yetərlidir :) Daha 3 sual üçün növbəti postumu qaçırmayın!



Moskva Biznes Məktəbi (Moscow Business School) Ukrayna bazarına inqilabi bir məhsul –iMBA çıxarmışdır.

iMBA adlanan bu məhsul mobil kommunikator vasitəsilə tədris olunan Biznes İdarəçiliyi üzrə magistrə dair (MBA - Master of Business Administration) innovasion kursdur.

Yüksək sürət və bol informasiya əsrində uğurun əsas şərti tez bir zamanda düzgün qərarlar qəbul etmək bacarığıdır. Bunun üçün daim yeni tendensiya, istiqamətlərdən xəbərdar olmaq və peşəkarlıq səviyyəsini yüksəltmək olduqca vacibdir. Amma hər kəs müasir tələblərə cavab verən əlavə təhsilə vaxt ayıra bilmir.

Elə bu səbəbdən də Moskva Biznes Məktəbi iMBA kimi inqilabi bir məhsul hazırlamışdır. Bu unikal proqram sayəsində Biznes İdarəçiliyi üzrə magistr dərəcəsi artıq sizin cibinizdə olacaq.

iMBA tədris kursuna 9 modul daxildir:
1. Menecerin şəxsi effektivliyi;
2. Marketinq;
3. Satış;
4. Maliyyənin idarə olunması;
5. Heyətə (personala) rəhbərlik;
6. Strateji idarəetmə;
7. Biznes-proseslərin idarə olunması;
8. İnternet-marketinq;
9. Layihələrin idarə olunması.

Ümumi tədris kursuna 100 video və audio mühazirə, 1060 səhifəlik tədris vasaiti, 2817 rəsm, 150 praktik keys, 70 test və 9 rol oyunu daxildir.

Bu iMBA proqramının daha bir üstünlüyü də odur ki, dünyanın istənilən nöqtəsindən bu kursa üzv olaraq məsafədən təhsil ala bilərsiniz. Siz Moskva Biznes Məktəbinin minlərlə tələbəsi ilə peşəkar müzakirələr apara və eləcə də, aparıcı ekspertlərlə geolokasiya vasitəsilə əlaqə saxlaya bilərsiniz. Həmçinin video-konfranslarda iştirak edə, şəxsi kurator-müəlliminizdən 24 saat ərzində online və offline rejimdə məsləhətlər ala bilərsiniz. Təhsil qrafikinizi də özünüz müəyyənləşdirirsiniz.

Ümumi tədrisdə aşağıdakı vasitə və vasaitlər istifadə olunur:

1. iMBA dərsliyi yüklənmiş mobil qurğu;
2. Stolüstü kompüterlər üçün iMBA dərslikləri – DVD disklərdən ibarət dəst
3. İstifadəçi üçün məlumat kitabı.

Bütüm modulları mənimsədikdən və buraxılış işini müdafiə etdikdən sonra siz Moskva Biznes Məktəbinin dövlət diplomunu alırsınız.

Beləliklə, vaxtınıza və enerjinizə maksimum qənaət etməklə bərabər, yeni praktik biliklər əldə etmiş olacaqsınız.

Daha ətraflı məlumat üçün http://mbschool.ru saytına baş çəkə bilərsiniz.

Motivasiya və Vaxtı Idarə Etmə! Motivasiya və Vaxta Qənaət! Bunlar bir-birindən ayrılmaz anlayışlardır. Biri digərini şərtləndirir.

Xüsusən də uzun müddət davam edən və tam diqqət tələb edən planlar, məqsədlər və ya işləri motivasiya olmadan sona çatdırmaq çətin olur. Vaxta qənaət və motivasiyanın ən birinci düşməni isə təxirə salmaq, bu günün işini sabaha qoymaqdır.

Nə üçün biz insanlar çox işlərimizi təxirə salmağa meylliyik?

Bunun bir neçə səbəbi ola bilər:

• Görüləcək işə qarşı heç bir həvəs və ya marağın olmaması;
• Böyük uğurlarımıza əngəl olan tənbəllik;
• İşin öhdəsindən gələ bilməmək qorxusu və ya ehtimalı;
• Gündəlik və ya həftəlik işləri düzgün növbələşdirməmək;
• Və bir sıra mənfi vərdişlərimiz.

Əslində, hər hansı bir işi təxirə salmaq çox zaman az və ya heç motivasiyanın olmamasından irəli gəlir. Amma vaxtınıza qənaət etmək və qısa zamanda bir çox məqsədə nail olmaq üçün bu sahədə dahi olmağa ehtiyac yoxdur. Yetər ki, aşağıdakı sadə lakin effektiv prinsipə riayət edəsiniz:

motivasiya == > nizam – intizam == > vaxta qənaət.

Əlbəttə, hər gün, hər saat motivasıyalı olmaq, yerinə yetirdiyin hər bir işi sevmək mümkün deyil. Ancaq gün ərzində motivasiyalı olmaq vaxtınızı necə dəyərləndirməyinizdən çox asılıdır. Bunun isə 2 sadə sirri var:

1. Görəcəyiniz işləri düzgün növbələşdirmək

Praktika göstərir ki, sevdiyiniz, sizə stimul verən işləri vacib, lakin heç və ya az həvəs və maraq duyduğunuz məsələlərlə növbələşdirmək olduqca effektivdir. Nəticədə, hər bir iş təxirə salınmadan vaxtında yerinə yetirilmiş olur və üstəlik siz vaxtınıza və enerjinizə xeyli qənaət etmiş olursunuz.

2. Vaxtında istirahət etmək.

Ekspertlərin fikrincə, gün ərzində bir neçə dəfə bütün işlərinizə ara verib istirahət etməyiniz sizə daha çox vaxt qazandırır. Necə? Bəzən qısa 10-15 dəqiqəlik fasilə itirdiyiniz enerjini yenidən bərpa etmək üçün kifayətdir. Nəticədə siz bol enerji sayəsində daha çox iş görə bilirsiniz və üstəlik xeyli asudə vaxtınız da qalır.

"Özünüzə dəyər vermədikcə, vaxtınızı da dəyərləndirə bilməyəcəksiniz. Vaxtınıza dəyər vermədikcə onunla heç nə edə bilməyəcəksiniz."
Skot Pek





Sutka ərzində 24 saat sizə kifayət etmir? Sizi çox gözəl anlayıram.

Bu gün bəlkə də vaxt qıtlığından ən çox əziyyət çəkən analardır. Bir tərəfdən ailə-uşaq, bir tərəfdən iş, digər tərəfdən də istirahət! Hamısını uğurla bir araya gətirmək hər anaya müyəssər olurmu? Təəssüf ki, bu bəzən olduqca çətindir.



Amma mümkündür! Necə? – Siz aşağıdakı praktiki tövsiyələrə əməl etməklə həyatınızdakı gərginliyi azalda və ailənizə daha çox vaxt ayıra bilərsiniz:

1. Hər sahədə mütəşəkkilliyə can atın.



Başqa sözlə həyatınızın hər bir sahəsində nizamlı olmağa çalışın. Ev işlərindən tutmuş övladınızın təhsilinə nəzarət və iş yerində tapşırıqlaradək hər bir sferada müəyyən nizam–intizam yaradın ki, vaxtınız boşuna itməsin. Məsələn, görüləcək işlərin siyahısını tutun, hər birinin yerinə yetiriləcək vaxtını müəyyənləşdirin və s.

2. Müəyyən işləri başqalarına həvalə edin.



Vaxtın idarə edilməsi elmində bu ən geniş yayılmış metodlardan biridir. Bir çox məşhur biznes adamaları və digər işgüzar insanlar gündəlik işlərinin çoxunu başqalarına həvalə etməklə 24 saatdan maksimum faydalana bilirlər. Əgər bir işi ki, başqaları da sizin əvəzinizə görə bilər, ona vaxtınızı itirməyin. Bu istər ailə, istərsə də iş sferasına aiddir. Məsələn, ailədə müəyyən əmək bölgüsü mövcud olarsa, ana xeyli asudə vaxt qazanmış olar. Axı bir çox xanımlarımız ev işlərinə bəzən vaxtının əhəmiyyətli hissəsini sərf edir.

3. Bir neçə işi paralel yerinə yetirməyə çalışın.



Bu metoddan uğurla istifadə edilərsə, hər gününüz, hər saatınız 2 dəfə daha artıq məhsuldar keçər. Lakin bu zaman diqqət cəmləməyi tələb edən 2 işi bir araya salmayın. Praktika göstərir ki, əqli və fiziki işi kombinə etmək daha effektiv nəticələr verir. Məsələn, iş fasiləsi zamanı gəzintiyə çıxmısınızsa, fürsətdən istifadə edərək bəzi biznes zənglərini edə bilərsiniz. Və yaxud da mətbəxdə iş görə-görə hər hansı audio kitab və ya xarici dili kursuna qulaq asa bilərsiniz.

Bu tövsiyələrdən hətta yalnız birini vərdiş halına gətirsəniz, siz 24 saatın hər birinin necə səmərəli keçdiyini dərhal hiss edəcəksiniz.



31 yaşlı Amerikalı məşhur internet marketeloq, onlayn biznes üzrə quru, eləcə də peşəkar proqramçı Derek Gel (Derek Gehl) hesab edir ki, insanların uğursuzluğunun 1 nömrəli səbəbi onların həyatda dəqiq istiqamətlərinin olmamasıdır. Beləcə onlar xaotik şəkildə bir ideyanı tam həyata keçirməmiş, digərinin dalısınca düşürlər. Nəticə? – Heç zaman başladıqları işləri sona çatdıra bilmirlər.

Əlbəttə, əgər insan eyni zamanda bütün istiqamətlərdə mükəmməl olmaq istəyirsə, o mütləq uğursuzluğa düçar olacaq.

Bəs optimal çıxış yolu nədir?

Hər bir məqsədi hansı müddət ərzində həyata keçirəcəyinizi dəqiq müəyyənləşdirin. Belə olduqda siz düşündüyünüzdən daha tez uğur əldə edə bilərsiniz.

Derek Gel bildirir ki, onun uzun illər daim sadiq qaldığı məqsədləri planlaşdırmaq üzrə xüsusi bir metodu var. Bugünkü səviyyəyə gəlib çatmaqda o, bu sistemə minnətdardır. Son 7 ildə məqsədlərini bu metod üzrə müəyyənləşdirməklə, o, borc içində üzən kollec tələbəsi səviyyəsindən kompüter proqramlaşdırması üzrə sertifikatlı mütəxəssis və 100 nəfərlik şirkətin baş direktoru pilləsinədək yüksəlmişdir.

Derek Gelin məqsədlərin müəyyənləşdirilməsi üzrə effektiv sistemi aşağıdakı kimidir:

Pillə 1: 3-5 Illik məqsədləri müəyyənləşdirin.

Özünüzə sual verin: 3-5 il ərzində həyatınızı necə görmək istərdiniz? Maliyyə durumunuzun, biznesinizin hansı səviyyədə olmasını istərdiniz?

Tövsiyə: Məqsədləriniz reallığa uyğun olmalı və mütləq müəyyən ölçüyə gəlməlidır. Məsələn, qarşınıza “Mən varlı olmaq istəyirəm” əvəzinə “Mən hər il ... dollar qazanmaq istəyirəm” kimi daha konkret məqsədlər qoyun.

Pillə 2: İllik məqsədləri təyin edin.

Özünüzə bu suallari verin: “3-5 illik planlarımı həyata keçirmək üçün 365 gün ərzində mən nə etməliyəm, hansı işləri başa vurmalıyam?” Bacardığınız qədər bütün məqsədləri yazın. Çox güman ki, uzun bir siyahı alınacaq (2009-cu ilin fəaliyyət strategiyasını hazırlayarkən mən də uzun bir siyahı tərtib eləmişdim ). Əlbəttə, qısa zamanda çox şey əldə etmək çoxumuzun arzusudur. Paradoks isə ondan ibarətdir ki, “onu da edim, bunu da ... .“ deyə-deyə sonda nəzərəçarpacaq heç nə əldə edə bilmirik :).

Ona görə Derek Gel tövsiyə edir ki, bu siyahı mütləq qısaldılsın və 5 ən önəmli məqsəd təyin edilsin. Bu birillik 5 məqsəd 3-5 illik planlarınızı yerinə yetirməyə yönəlməlidir.

Beləliklə, 2009-cu ili həsr edəcəyiniz 5 əsas məqsədi müəyyənləşdirmisinizsə, keçək növbəti pilləyə.

Pillə 3: Hər Kvartal üçün əsas məqsədləri müəyyənləşdirin.

Bu il üçün təyin etdiyiniz 5 məqsədin yerinə yetirilməsi çətin görünə bilər. Onları həyata keçirə bilmək üçün daha kiçik real məqsədlərə bölmək lazımdır. Bu məqsədlə, hər kvartal (3 ay) üçün yerinə yetirəcəyiniz işləri təyin edin. Beləliklə, hər kvartalın əvvəlində, yəni yanvar, aprel, iyul və oktyabr aylarında hansı işlərə başlayacağınızı qabaqcadan müəyyənləşdirin.

Tövsiyə:

Hər yeni kvartalın başlanğıcında əvvəlkinə nəzər salın və məqsədlərin öhdəsindən nə dərəcədə gəldiyinizi analiz edin. Bunun əsasında növbəti 3 ay ərzində nələr etməli olduğunuzu müəyyənləşdirin. Beləcə, illik məqsədlərinizə doğru bir addım da yaxınlaşmış olarsınız.

Pillə 4: Aylıq məqsədləri müəyyənləşdirin.

Derek-in ümumi prinsipi yəqin ki, sizə aydın oldu.
Növbəti addım hər ay üçün 5 vacib məqsədi dəqiqləşdirməkdir. Bu məqsədlər isə öz novbəsində, sizin kvartallıq məqsədlərinizin yerinə yetirilməsinə xidmət edəcək.

Pillə 5: Həftəlik məqsədləri müəyyənləşdirin.

Aylıq məqsədlərinizi həyata keçirməyə yönəlmiş həftəlik işləri təyin edin. Burada işlərin sayı sizin planlarınız və işin həcmindən asılı olaraq hər həftə dəyişə bilər. Bəzən 5 məqsəd, bəzən daha az və ya daha çox ola bilər.

Pillə 6: Gündəlik məqsədləri müəyyənləşdirin.

Hər səhər elektron poçtunuzu yoxlamazdan öncə bu gün üçün hansı işləri bitirməli olduğunuzu təyin edin. Və yatmazdan öncə çalışın ki, onların hamısını başa vurmuş olasınız. Unutmayın ki, bu kiçik işlər sizin həftəlik məqsədlərinizə xidmət edir.



Müəllif Xanımın tövsiyələri:

1. Mən özüm üçün bu planı hazırlayarkən hər pillə üçün mütləq olaraq 5 məqsəd müəyyənləşdirmədim.
Bu daha çox sizin fərdi üstünlük və seçimlərinizə bağlıdır.

2. Bu planı tərtib edərkən hansı işləri paralel görəcəyinizi də dəqiq müəyyənləşdirin ki, bitmə müddətini düzgün nəzərə alasınız.

3. Bütün məqsədləri bacardığınız qədər konkret qoyun – hər bir detalı əhatə etməklə.

Məsələn, “bu il ingilis dilini öyrənmək istəyirəm” əvəzinə “bu ilin sonunadək ingilis dilində 7000 sözü mənimsəməli və bu dildə məşhur jurnalları oxuyub asanlıqla başa düşməliyəm”.

4. Həftəlik planları tərtib edərkən orada mütləq istirahət günlərini nəzərə alın.

Məsələn, biz öz ailə planımızda həftəmizin ancaq 5 gününü bu məqsədlərə ayırmışıq.

Əlbəttə, əgər qalan 2 gün ərzində boş vaxt qalarsa, lap gözəl. Demək o günləri də səmərəli dəyərləndirərək daha çox vaxt əldə etmiş olarsınız.

Ancaq bu həyatdır və bizdən hər bir işə real yanaşma tələb edir. Unutmayın, vaxtımızı ala biləcək gözlənilməyən hadisələr hər birimizin həyatında ola bilər. Bax, rezerv 2 gün elə bu gözlənilməz məqamlar üçündür.

5. Çalışın tənbəllik sizə qalib gəlməsin.

Bilirəm, deyəcəksiniz ki, demək çox asandır, amma... . Ancaq mümkündür. Bunun üçün xüsusi bir resept yoxdur.

Ancaq mənə stimul verən və daim irəliyə can atmağa sövq edən məqamlar ümid edirəm ki, sizə də yardımçı olar:

• Daim gözünüzün önündə bir ildən sonra nələrə sahib olacağınızı artıq var imiş kimi canlandırın.

• Başqalarının, xüsusən həmyaşıdlarınızın uğurlarını izləyib onlarla rəqabətə girin, əlbəttə paxıllıq yox, inkişaf etmək niyyəti ilə .

Bu məqsədlə mən xüsusən internetdən istifadə edərək məşhur işgüzar və ziyalı insanların həyat və fəaliyyətini izləyirəm.

• Hər bir və ya önəmli işi uğurla başa vurduqdan sonra özünüzü mütləq mükafatlandırın.

Bu metod mənim üçün çox gözəl nəticə verir. Belə ki, tənbəllik “nə qaçaqaçdır, iş qoy qalsın sabaha” deyə mənə mane olanda tez bir anlığa təsəvvür edirəm: işimi bitirən kimi məni hansı mükafat gözləyir.

Əlbəttə, bütün bunlar sadəcə mənim sizinlə bölüşmək istədiklərimdir, əziz oxucular. Şübhəsiz ki, sizin özünüzəməxsus motivasiya metodlarınız var. Onları elə buradaca (şərhlər üçün ayrılmış yerdə) bütün oxucularla bölüşə bilərsiniz.


Sizə bu 2009 – cu ildə şəxsi, təhsil və biznes sahəsində həyatınızı kökündən dəyişəcək bir tərəqqi arzulayıram!!! :)

Ən Yeni Postları E-maillə Alın

Enter your email address:

Delivered by FeedBurner