31 yaşlı Amerikalı məşhur internet marketeloq, onlayn biznes üzrə quru, eləcə də peşəkar proqramçı Derek Gel (Derek Gehl) hesab edir ki, insanların uğursuzluğunun 1 nömrəli səbəbi onların həyatda dəqiq istiqamətlərinin olmamasıdır. Beləcə onlar xaotik şəkildə bir ideyanı tam həyata keçirməmiş, digərinin dalısınca düşürlər. Nəticə? – Heç zaman başladıqları işləri sona çatdıra bilmirlər.

Əlbəttə, əgər insan eyni zamanda bütün istiqamətlərdə mükəmməl olmaq istəyirsə, o mütləq uğursuzluğa düçar olacaq.

Bəs optimal çıxış yolu nədir?

Hər bir məqsədi hansı müddət ərzində həyata keçirəcəyinizi dəqiq müəyyənləşdirin. Belə olduqda siz düşündüyünüzdən daha tez uğur əldə edə bilərsiniz.

Derek Gel bildirir ki, onun uzun illər daim sadiq qaldığı məqsədləri planlaşdırmaq üzrə xüsusi bir metodu var. Bugünkü səviyyəyə gəlib çatmaqda o, bu sistemə minnətdardır. Son 7 ildə məqsədlərini bu metod üzrə müəyyənləşdirməklə, o, borc içində üzən kollec tələbəsi səviyyəsindən kompüter proqramlaşdırması üzrə sertifikatlı mütəxəssis və 100 nəfərlik şirkətin baş direktoru pilləsinədək yüksəlmişdir.

Derek Gelin məqsədlərin müəyyənləşdirilməsi üzrə effektiv sistemi aşağıdakı kimidir:

Pillə 1: 3-5 Illik məqsədləri müəyyənləşdirin.

Özünüzə sual verin: 3-5 il ərzində həyatınızı necə görmək istərdiniz? Maliyyə durumunuzun, biznesinizin hansı səviyyədə olmasını istərdiniz?

Tövsiyə: Məqsədləriniz reallığa uyğun olmalı və mütləq müəyyən ölçüyə gəlməlidır. Məsələn, qarşınıza “Mən varlı olmaq istəyirəm” əvəzinə “Mən hər il ... dollar qazanmaq istəyirəm” kimi daha konkret məqsədlər qoyun.

Pillə 2: İllik məqsədləri təyin edin.

Özünüzə bu suallari verin: “3-5 illik planlarımı həyata keçirmək üçün 365 gün ərzində mən nə etməliyəm, hansı işləri başa vurmalıyam?” Bacardığınız qədər bütün məqsədləri yazın. Çox güman ki, uzun bir siyahı alınacaq (2009-cu ilin fəaliyyət strategiyasını hazırlayarkən mən də uzun bir siyahı tərtib eləmişdim ). Əlbəttə, qısa zamanda çox şey əldə etmək çoxumuzun arzusudur. Paradoks isə ondan ibarətdir ki, “onu da edim, bunu da ... .“ deyə-deyə sonda nəzərəçarpacaq heç nə əldə edə bilmirik :).

Ona görə Derek Gel tövsiyə edir ki, bu siyahı mütləq qısaldılsın və 5 ən önəmli məqsəd təyin edilsin. Bu birillik 5 məqsəd 3-5 illik planlarınızı yerinə yetirməyə yönəlməlidir.

Beləliklə, 2009-cu ili həsr edəcəyiniz 5 əsas məqsədi müəyyənləşdirmisinizsə, keçək növbəti pilləyə.

Pillə 3: Hər Kvartal üçün əsas məqsədləri müəyyənləşdirin.

Bu il üçün təyin etdiyiniz 5 məqsədin yerinə yetirilməsi çətin görünə bilər. Onları həyata keçirə bilmək üçün daha kiçik real məqsədlərə bölmək lazımdır. Bu məqsədlə, hər kvartal (3 ay) üçün yerinə yetirəcəyiniz işləri təyin edin. Beləliklə, hər kvartalın əvvəlində, yəni yanvar, aprel, iyul və oktyabr aylarında hansı işlərə başlayacağınızı qabaqcadan müəyyənləşdirin.

Tövsiyə:

Hər yeni kvartalın başlanğıcında əvvəlkinə nəzər salın və məqsədlərin öhdəsindən nə dərəcədə gəldiyinizi analiz edin. Bunun əsasında növbəti 3 ay ərzində nələr etməli olduğunuzu müəyyənləşdirin. Beləcə, illik məqsədlərinizə doğru bir addım da yaxınlaşmış olarsınız.

Pillə 4: Aylıq məqsədləri müəyyənləşdirin.

Derek-in ümumi prinsipi yəqin ki, sizə aydın oldu.
Növbəti addım hər ay üçün 5 vacib məqsədi dəqiqləşdirməkdir. Bu məqsədlər isə öz novbəsində, sizin kvartallıq məqsədlərinizin yerinə yetirilməsinə xidmət edəcək.

Pillə 5: Həftəlik məqsədləri müəyyənləşdirin.

Aylıq məqsədlərinizi həyata keçirməyə yönəlmiş həftəlik işləri təyin edin. Burada işlərin sayı sizin planlarınız və işin həcmindən asılı olaraq hər həftə dəyişə bilər. Bəzən 5 məqsəd, bəzən daha az və ya daha çox ola bilər.

Pillə 6: Gündəlik məqsədləri müəyyənləşdirin.

Hər səhər elektron poçtunuzu yoxlamazdan öncə bu gün üçün hansı işləri bitirməli olduğunuzu təyin edin. Və yatmazdan öncə çalışın ki, onların hamısını başa vurmuş olasınız. Unutmayın ki, bu kiçik işlər sizin həftəlik məqsədlərinizə xidmət edir.



Müəllif Xanımın tövsiyələri:

1. Mən özüm üçün bu planı hazırlayarkən hər pillə üçün mütləq olaraq 5 məqsəd müəyyənləşdirmədim.
Bu daha çox sizin fərdi üstünlük və seçimlərinizə bağlıdır.

2. Bu planı tərtib edərkən hansı işləri paralel görəcəyinizi də dəqiq müəyyənləşdirin ki, bitmə müddətini düzgün nəzərə alasınız.

3. Bütün məqsədləri bacardığınız qədər konkret qoyun – hər bir detalı əhatə etməklə.

Məsələn, “bu il ingilis dilini öyrənmək istəyirəm” əvəzinə “bu ilin sonunadək ingilis dilində 7000 sözü mənimsəməli və bu dildə məşhur jurnalları oxuyub asanlıqla başa düşməliyəm”.

4. Həftəlik planları tərtib edərkən orada mütləq istirahət günlərini nəzərə alın.

Məsələn, biz öz ailə planımızda həftəmizin ancaq 5 gününü bu məqsədlərə ayırmışıq.

Əlbəttə, əgər qalan 2 gün ərzində boş vaxt qalarsa, lap gözəl. Demək o günləri də səmərəli dəyərləndirərək daha çox vaxt əldə etmiş olarsınız.

Ancaq bu həyatdır və bizdən hər bir işə real yanaşma tələb edir. Unutmayın, vaxtımızı ala biləcək gözlənilməyən hadisələr hər birimizin həyatında ola bilər. Bax, rezerv 2 gün elə bu gözlənilməz məqamlar üçündür.

5. Çalışın tənbəllik sizə qalib gəlməsin.

Bilirəm, deyəcəksiniz ki, demək çox asandır, amma... . Ancaq mümkündür. Bunun üçün xüsusi bir resept yoxdur.

Ancaq mənə stimul verən və daim irəliyə can atmağa sövq edən məqamlar ümid edirəm ki, sizə də yardımçı olar:

• Daim gözünüzün önündə bir ildən sonra nələrə sahib olacağınızı artıq var imiş kimi canlandırın.

• Başqalarının, xüsusən həmyaşıdlarınızın uğurlarını izləyib onlarla rəqabətə girin, əlbəttə paxıllıq yox, inkişaf etmək niyyəti ilə .

Bu məqsədlə mən xüsusən internetdən istifadə edərək məşhur işgüzar və ziyalı insanların həyat və fəaliyyətini izləyirəm.

• Hər bir və ya önəmli işi uğurla başa vurduqdan sonra özünüzü mütləq mükafatlandırın.

Bu metod mənim üçün çox gözəl nəticə verir. Belə ki, tənbəllik “nə qaçaqaçdır, iş qoy qalsın sabaha” deyə mənə mane olanda tez bir anlığa təsəvvür edirəm: işimi bitirən kimi məni hansı mükafat gözləyir.

Əlbəttə, bütün bunlar sadəcə mənim sizinlə bölüşmək istədiklərimdir, əziz oxucular. Şübhəsiz ki, sizin özünüzəməxsus motivasiya metodlarınız var. Onları elə buradaca (şərhlər üçün ayrılmış yerdə) bütün oxucularla bölüşə bilərsiniz.


Sizə bu 2009 – cu ildə şəxsi, təhsil və biznes sahəsində həyatınızı kökündən dəyişəcək bir tərəqqi arzulayıram!!! :)

1 коммент.

  1. Анонимный // 12 января 2009 г. в 02:32  

    Derek Gel tamamile haqlidir. Doğrudan da insanlarin uğursuzluğunun esas sebebi onlarin həyatda dəqiq istiqametlerinin olmamasıdır. Heyat böyük okean kimidir. Hara gedeceyimizi deqiq bilmesek heç bir rüzgar bize kömək edə bilmez...Və neheng su kütlesinin ortasında azıb qalarıq.
    O zaman firtinalara qurban getmeyimiz qaçilmaz olar. Fikrimce, mehz buna göre de insanın düşünce platformasinda hedef və meqsed daima ilk yeri tutmalidir. Cunki meqsed istenilen ugurun fundamental terkib hissesidir.
    "Qelem aglin dilidir",- deyirler. Bu baximdan meqsedlerimizin yazili olmasi cox onemlidir, cunki bu bir nov ozumuzle bagladigimiz muqavile mahiyyeti dashiyir. Odur ki, men de Muellif Xanımın tövsiyələrine emel edib Derek Gelin sistemine esasen 2009-cu ilin fealiyyet planini ve bashlica meqsedlerini ishleyib hazirladim.
    O ki qaldi meni meqsede nail olmaq istiqametinde fealiyyet gostermeye sovq eden motivasiya metodlarima, bunlar esasen ashagidakilardir:

    1. Tez-tez secdiyim sahe uzre tayi-beraberi olmayan yek mutexxesis oldugumu xeyalima getirirem.

    2. Məşhur işgüzar insanlarin heyat ve fealiyyeti, onlarin calishma tempi ile yaxindan maraqlanan insan kimi zehmet ceken, sey gosteren, cox calishan insanin bir gun mutleq ugur elde edeceyine butun varligimla inaniram. Bu inam meqsede catmaq yolunda meni israrli olmaga mecbur edir.

    3.Boyuk neticeye geden yolun ilk addimi boyuk hedefdir. Ona gore de bacardigim qeder boyuk dushunmeye calishiram. Hele Konfutsi esrler once bele bir fikir soylemishdi: "Eger agaca cixmaq isteyirsinizse, ulduzlari hedef alin."

Ən Yeni Postları E-maillə Alın

Enter your email address:

Delivered by FeedBurner