Bəlkə də oxuyacağınız tövsiyələr sizə olduqca sadə görünəcək. Amma onlar sadə olduğu qədər də effektivdir. Bütün ailə onlara əməl edərsə, hər kəs daha az vaxtda daha çox iş görmüş.olar.
Beləliklə məhsuldar ailənin 5 sirri aşağıdakılardır:
1. Ayda neçə dəfə bazarlıq edəcəyinizi qabaqcadan planlaşdırın.
Həftə ərzində sizə lazim olacaq bütün ərzaqların siyahısını tərtib edin və həftədə cəmi 1 dəfə buna uyğun bazarlıq edin. Beləcə, vaxtınıza xeyli qənaət etmiş olarsınız. Məsələn, bizim ailədə bir, bəzən də 2 həftə ərzində istifadə olunacaq bütün zəruri ərzaq və qidalar qabaqcadan müəyyənləşdirilir və 2 həftədə bir dəfə bazarlıq edilir. Başqa sözlə, büdcə imkan verdiyi qədər iki həftəlik tədarük görməklə, siz ayda cəmisi 2 dəfə bazarlıq etmiş olacaqsınız. Bazarlıq edənlər bilir, bu necə çox vaxt aparan işdir.
2. Telefon nömrələri və s. digər əlaqə məlumatlarını bir yerə yazın.
Nə qədər tələssəniz də, bu vacib məlumatları həmişə bir yerə - ya telefonunuza, ya
da qeyd kitabçasına yazın. Telefon nömrələrini ayrı-ayrı vərəqlərə qeyd edib sonra da hara qoyduğunuzu unudursunuzsa, bu vərdişinizdən əl çəkin. Əks təqdirdə, təcili olaraq sizə olan məlumatı saatlarla axtarmalı olarsınız. Bu isə nəinki vaxtınızın itməsinə səbəb olar, hətta bəzən vacib işləriniz üçün də əngəl ola bilər.
3. Evdə istənilən əşyanın öz yerini müəyyələşdirin.
Gün ərzində hər birimiz müxtəlix əşyalardan istifadə edirik, amma həmişəmi onları istifadə edib qurtardıqdan sonra öz əvvəlki yerinə qoyuruq? Bunun üçün ilk növbədə, evdə hər bir şeyin sabit yeri olmalı və ailənin hər bir üzvü onu istifadə etdikdən sonra öz yerinə qoymalıdır. Belə olduqda, həm ev daim səliqəli qalar, həm də sizə lazım olan istənilən əşyanı bir göz qırpımında əldə edə bilərsiniz. Yəqin ki, bizə lazım olan əşyanı saatlarca, bəzən də günlərcə axtardığımız hallar hər birimizin gündəlik həyatında baş verib. İndi görün, hər şeyi öz yerinə qoymağa adət etsək, gündəlik həyatımız nə qədər məhsuldar və asan keçər.
4. Ailədə əmək bölgüsünü müəyyənləşdirin.
Ailədə yaşından və cinsindən asılı olmayaraq hər bir kəsin özünə uyğun iş öhdəlikləri olmalıdır. Ailədə uşaqlar varsa, yaşlarına uyğun müəyyən işləri onlara tapşırın. Və ya hər hansı çox vaxt aparan işi “ailəvi iməcilik” elan edərək qısa vaxt ərzində başa vura bilərsiniz.
5. Hər bir iş üçün bəlli vaxt ayırın.
Bu, xüsusən də gündəlik yerinə yetirilən işlərə aiddir. Onları hər gün eyni saatda yerinə yetirməyə adət edin. Beləcə həm bu günün işi sabaha qalaraq qayğılarınızı daha da artırmaz, həm də gün ərzində daha mütəşşəkil olar və işlərinizdə xaotiklikdən qurtularsınız.
Bütün sözügedən bu tövsiyələri özünüz üçün vərdişə çevirsəniz, hər gün bir neçə saata qənaət etmiş olarsınız.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Hörmətli Khanum Khatun! Çox incəliklə zamanın sirrlərini açıqladığınız hər bir məqalənizi böyük həvəslə oxuyuram. Real həyatda çox da böyük önəm vermədiyim və ya diqqət etmədiyim tövsiyələrinizi praktikada tətbiq etdikdə onların nə dərəcədə effektiv olduğunu görürəm. Bütün bunlardan belə bir nəticəyə gəlirəm ki, həqiqətən də əgər vaxtdan səmərəli istifadə edilərsə, onu həmişə kifayət qədər tapmaq mümkündür. Yəqin ki, gündəlik məişət problemlərinin məngənəsindən ayrıla bilməyən insanların böyük əksəriyyəti "Zaman necə də sürətlə keçib gedir" - deyə fikirləşir. Belə fikirlər ilk növbədə insanların böyük bir qisminin zaman mövzusunda həssas olmadıqları, zamana çox da böyük əhəmiyyət verməməkləri səbəbindən irəli gəlir. Halbuki, vaxt həyatın vicdanıdır və itirilmiş vaxt insanı itirilmiş vicdandan daha da artıq həyacanlandırmalıdır. Hələ Peyğəmbər Əfəndimiz (s.a.s) belə buyurmuşdur: "İki nemət vardır ki, insanların çoxu bunların qiymətini bilməzlər - onlardan biri sağlamlıq, digəri isə zamandır."
Lakin dərindən düşünsək, Yaradıcının insanlara bərabər olaraq payladığı tək şeyin məhz zaman olduğunu görərik. Odur ki, əsla heç birimizin "vaxtım yoxdur" deməyə haqqı yoxdur. Tomas Edisonun, Albert Eynşteynin, Lui Pasterin də günləri 24 saatdan ibarət idi. Məhz vaxtlarından məharətlə istifadə etməyi və əzmlə çalışmağı bacardıqları üçün bu insanların adları tarixdə iz qoyan şəxsiyyətlər sırasına daxil edilmişdir. Bütün bunları yazmaqla zamanın idarə olunması sahəsində tövsiyələrinizin geniş oxucu kütləsi üçün son dərəcədə aktual və əhəmiyyətli olduğunu demək istəyirəm. Sizə işlərinizdə uğurlar arzulayır və məhsuldar çalışmaq, vaxta maksimum qənaət etmək mövzusunda yeni-yeni tövsiyələrinizi səbirsizliklə gözləyirəm.