Mövzuya keçməzdən öncə ramazan bayramı münasibətilə hamınızı təbrik edir və keçən hər saatınızın daha bərəkətli olmasını arzulayıram.

Bugünkü mövzuya s. ə. s. Məhəmməd Peyğəmbərin bir hədisi ilə başlamaq istərdim: “İnsan 2 şeyin qədrini itirdikdən sonra bilir , onlardan biri sağlamlıq, digəri isə vaxtdır”.

Doğrudan da, bu 2 məfhum Allahın həyatda insana bəxş etdiyi ən qiymətli nemətlərdir. Bəs nə üçün çox zaman onların fərqinə varmadan yaşayırıq? Halbuki zaman bizim sinirlərimizdən axaraq elə hey sonsuzadək yol gedir. Biz isə əslində, ondan yan ötürük. Beləcə, çox zaman “vaxt elə bil uçur” deyə şikayətlənirik.

Reallıq isə bundan ibarətdir ki, biz çox məşğul olduqda vaxt, doğrudan da, bizim üçün uçur. Vaxtımızı öldürməyə çalışdıqda isə vaxt o qədər də “tələsmir”.

Vaxtdan səmərəli istifadə etmədikcə, günümüz istər 24 saat, istərsə də 30 saatdan ibarət olsun, biz daim vaxt qıtlığından əziyyət çəkəcəyik.

Ehh! Nə isə... zaman haqqında çoxları kimi mənim də ürəyim doludur, hamısını yazıya alsam, bloqumda yer qalmaz :).

Keçək əsas mətləbə - Necə edək ki, hər günün 24 saatından maksimim faydalanaq?

Aşağıdakı strategiyalara gündəlik həyatda əməl etməklə, buna asanlıqla nail ola bilərsiniz:

1. İş qrafikinizə nəzər salın.

Bu gün üçün tərtib etdiyiniz işlərin siyahısına nəzər salın və onları düzgün növbələşdirin. Məsələ, yorucu və ya çətin işdən sonra daha sadəsini yerinə yetirməyi müəyyənləşdirin. Və ya bir günə nəhəng bir siyahı tutmaq əvəzinə o işlərin bir hssəsini sabaha keçirin. Beləcə, siz həm gün ərzində qaçaqaç və tələsiklikdən qurtular, həm də daha məhsuldar çalışaraq günün sonunda real nəticələr əldə etmiş olarsınız.

2. Kreativ olun.

Zaman kreativliyi çox sevir. Kreativliyinizi işə salmaqla eyni zamanda bir neçə işin öhdəsindən asanlıqla gələ bilərsiniz. Məsələn, tutaq ki, həm paltarlarınızı yumalı, həm də dükana getməlisiniz. Bu zaman vaxta qənaət məqsədilə, paltaryuyan maşını qoşub, dükana gedə bilərsiniz. Yolüstü hətta uşaqları məktəbdən və ya bağçadan götürə bilərsiniz. Beləliklə, 3 işi eyni vaxtda bitirmiş olarsınız.

3. İlk dəfə görəcəyiniz işləri qabaqcadan planlaşdırın.

Əgər hansısa tapşırığı ilk dəfə yerinə yetirirsinizsə, səhvlər təbiidir. Xüsusən də bunu necə etməyə dair konkret göstərişlər yoxdursa, siz vaxtınızın çox hissəsini itirə bilərsiniz. Ona görə də yaxşı olardı ki, bu işi görməzdən əvvəl hər bir addımınızı planlaşdıra və bu plana uyğun hərəkət edəsısiniz. Beləliklə, siz həm vaxtınız və enerjiniz, həm də pulunuza xeyli qənaət etmiş olarsınız.


4. Ən yaxşı alternativi seçin.

İstənilən işə başlamazdan öncə onu daha tez və effektiv yerinə yetirməyin necə mümkün olduğunu götür-qoy edin və bütün mümkün alternativlər içərisində ən sərfəlisini seçin. Bir də ki, heç zaman tapşırıq üzərində çox düşünməyin, əks təqdirdə o, çətin görünə bilər. Bunun əvəzində hərəkətə keçin. Onda görəcəksiniz ki, bu və ya digər iş düşündüyünüzdən daha sadədir.

Unutmayın ki, vaxt qızıldır və bu qiymətli sərmayədən ağılla istifadə edərsinizsə, mövqeyiniz, statusunuz və yaşınızdan asılı olmayaraq istənilən sahədə daha qabaqcıl ola bilərsınız.

Ən Yeni Postları E-maillə Alın

Enter your email address:

Delivered by FeedBurner