Müəəlif: Brayan Treysi
Bəlkə də bugün insanların yeganə ən böyük problemi vaxt qıtlığıdır. Xüsusən də işgüzar insanların işləri çox olduğundan şəxsi həyatları üçün olduqca az vaxt qalır. Onlar olduqca çox çalışır, amma yenə də nələrisə vaxtında çatdıra bilmirlər.
Bu cür qaçaqaç içində olmaq ona gətirib çıxarır ki, nə istədiyinizi düşünmürsünüz. Sadəcə ətrafda baş verən hadisələrə kor-koranə şəkildə tabe olub özünüzə nəzarət qabiliyyətinizi itirirsiniz. Sizə elə gəlir ki, həyat sizi elə hey qaça-qova salır.
Mütəmadi olaraq kənardan özünüzə nəzər salmalı və nə etdiyinizi qiymətləndirməlisiniz. Bir anlığa dayanın, kim və harada olduğunuz barədə ciddi şəkildə götür-qoy edin. Fəaliyyət və ya hərəkətlərinizi sizin üçün vacib amil baxımından qiymətləndirin.
Gündəlik hadisələrin axarına tabe olub vaxtınızı boşuna itirməyin, onu məharətlə idarə etməyi öyrənin. Başqa sözlə, balans, harmoniya və daxili rahatlığa yönəlmiş bir həyata başlayın.
İstənilən uğursuzluğun səbəbi düşünmədən addım atmaqdır. Düşüncə qabiliyyətiniz sizin ən qiymətli xüsusiyyətinizdir. Əgər bu qabiliyyətinizi inkişaf etdirsəniz, həyatınız daha dolğun olar, bəzən bunu hətta dərhal hiss edə bilərsiniz.
Vaxt sizin ən qiymətli resursunuzdur. O, keçici və əvəzolunmazdır, onu qoruyub saxlamaq mümkün deyil. Onu yalnız daha az əhəmiyyətli işlərdən daha mühüm fəaliyyətlərə yönəltmək olar. Sərf etməzdən öncə vaxtınız haqqında bir anlıq düşünsəniz, ondan daha çox faydalana bilərsiniz.
Əvvəllər, düşünürdüm ki, vaxtın idarə olunması kalkulyator və ya mobil telefon kimi biznesə xidmət edən alətdən başqa bir şey deyil. Zənn edirdim, o, elə bir şeydir ki, ondan yararlanaraq qısa vaxtda daha çox iş görmək və nəticə etibarilə, daha çox pul qazanmaq mümkündür.
Amma sonra mənə aydın oldu ki, vaxtın idarə olunması ikinci dərəcəli məsələ deyil. Əksinə, o, elə vacib amildir ki, həyatda hər bir şey ondan asılıdır.
İş və ya biznes həyatınızda digər insanlar zamanınızı o qədər alır ki, özünüz üçün çox az vaxt qalır.
Bəs evdə və şəxsi həyatınızda vaxtdan necə səmərəli istifadə etmək olar?
Bu məqalədə diqqətinizi elə buna yönəltmək istərdim.
Şəxsi həyatda vaxtın idarə olunması sizin özünüzdən başlayır: öncə, həyatda sizin üçün nəyin daha vacib olduğunu düşünün və bunu istənilən işi yerinə yetirərkən mütləq nəzərə alın.
Həyatınızın 3 başlıca sahəsində qarşınıza məqsəd qoyun:
1. Öncə qarşınıza şəxsi və ailə ilə bağlı məqsədlər qoymalısınız.
Çünki məhz onlar sizin səhər tezdən qalxmağınıza, zəhmətlə çalışmağınıza, pul barədə narahat olmağınıza və bəzən də vaxtınızı alan şeylərə görə əsəbiləşməyinizə səbəb olur.
Sizin şəxsi və ailə məqsədləriniz nədən ibarətdir? Onlar maddi yoxsa qeyri-maddidir? Maddi ailə məqsədi daha geniş ev, daha yaxşı maşın, daha böyük televizor, tətilə çıxmaq və s. pulla dəyərləndirilən istənilən şeylər ola bilər. Qeyri-maddi ailə məqsədinə misal isə həyat yoldaşınız və uşaqlarınızla daha gözəl münasibətlər qurmaq, ailənizlə birgə gəzintilərdə və ya mütaliədə daha çox vaxt keçirmək və s. ola bilər.
Ailə və şəxsi məqsədlərə çatmaq, əslində, vaxtın idarə olunmasının əsas mahiyyəti və məqsədidir.
2. Ikinci yerdə sizin biznes və karyera məqsədləriniz durur
Bu məqsədlərinizin köməyilə siz şəxsi məqsədlərinizə çatırsınız. Məsələn: Siz necə elə bir gəlir səviyyəsinə çata bilərsiniz ki, ailə məqsədlərinizi həyata keçirəsiniz? Karyerada daim zirvədə olmaq üçün təcrübə və bacarıqlarınızı necə inkişaf etdirə bilərsiniz?
Gördüyünüz kimi biznes və karyera məqsədləri də olduqca mühümdür.
3. 3-cü tip məqsədlər şəxsi inkişafla bağlı məqsədlərdir.
Yadda saxlayın ki, ətraf aləmdə əldə etdikləriniz daxilən qazandığınızdan daha çox ola bilməz. Yaşadığınız həyat sizin daxili aləminizin inikasıdır. Əgər şəxsi və karyera həyatınızda daha yüksək pilləyə ucalmaq istəyirsinizsə, ilk növbədə, şəxsi inkişafınızda layiqli səviyyəyə yüksəlməlisiniz. Həyatınızı qurmaq istəyirsinizsə, əvvəlcə, özünüzü “qurmalısınız”.
Bir sözlə, istədiyiniz məqsədə nail olmaq üçün öncə şəxsi inkişafınızda lazımi səviyyəyə yüksəlməlisiniz. Bəlkə də uğurun ən böyük sirri elə bundadır. Amma bunu bacarmaq üçün öz üzərinizdə daima çalışmalısınız.
Şəxsi və ailə, biznes və karyera, eləcə də şəxsi inkişafla bağlı məqsədlərinizin siyahısını tutun və daha sonra prioritetləri müəyyənləşdirin.
Bununla da prioritet və postprioritetlər (ikinci dərəcəli işlər) arasında fərqı asanlıqla görəcəksiniz. Vaxtınızı ciddi nəzarət altına almaq məqsədilə prioritetləri özünüz üçün olduqca aydın şəkildə müəyyənləşdirin.
Sizə həyatda daha çox xoşbəxtlik, məmnunluq və sevinc bəxş edəcək ən mühüm şeyləri təyin edin. Ancaq postprioritetləri də unutmayın. Sadəcə, prioritetlər daha çox və daha tez, postprioritetlər isə daha az və daha gec yerinə yetiriləcək işlərdir.
Ardı növbəti postumda!
Hazırladı: Xanım
Mənbə:
http://www.time-management-tools.com/articles/managing-your-time.htm
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.
Отправить комментарий