Bu gün sürətlə yenilənən informasiya əsrində hamı, o cümlədən tələbələr də vaxt qıtlığından əziyyət çəkir. Onlar bəzən dərslərini vaxtında çatdıra bilmir, bəzən də istirahətin nə olduğunu belə unudurlar. Ancaq hər şeyi çatdırmağın başlıca sirri çox deyil, səmərəli çalışmaqdır. Ona görə bu məqaləmi tələbələrin gündəlik həyatını asanlaşdıracaq 21 tövsiyəyə həsr etmişəm. Ümidvaram ki, onlar sizə hər saatınızdan maksimum faydalanmaqda yardımçı olacaq:
1. Başlıca məqsədlərinizi müəyyənləşdirin.
Qısa və uzunmüddətli məqsədləri müəyyənləşdirmək hər bir kəs, o cümlədən tələbə üçün də vacibdir. Buna sadə analogiya kimi onu misal gətirmək olar ki, gündəlik həyatda marşruta minməzdən öncə hara gedəcəyimizi qabaqcadan bilirik. Məqsədlər də belədir – onları təyin etmiş insan hansı istiqamətdə addımlayacağını dəqiq bilir və hər gün buna uyğun hərəkət edir.
2. Prioritetləri təyin edin və gündəlik işlərinizdə onları unutmayın.
Məqsədləri təyin etmək hələ işin bir hissəsidir. İkinci vacib addım onlar arasında prioritetləri müəyyənləşdirməkdir. Prioritetləri nəinki məqsəddə, hətta gündəlik işlərdə də nəzərə almaq olduqca əhəmiyyətlidir. Bu, sizi xaotiklikdən qurtaracaq, real nəticələr əldə etdikcə isə siz özünüzə daha əmin olacaqsınız.
3. Bütün diqqətinizi gördüyünüz işin üzərində cəmləyin.
Bir (xüsusilə də vacib) işlə məşğul olarkən fokusunuzu yalnız onun üzərində cəmləyin ki, işinizi daha tez bitirəsiniz. Fikrinizi yayındıracaq hər bir şeyi bir kənara qoyun. Məsələn, sabahkı seminara arabir televizora baxa-baxa hazırlaşmaq məqsədəuyğün deyil.
4. Öz istəklərinizə məhdudiyyət qoymağı bacarın.
Bu gün ətraf aləm tələbə və ya şagirdin fikrini yayındıracaq bir çox cəlbedici vasitələrlə (kompüter oyunları, internet, seriallar və s.) doludur. Lakin özünüzə məhdudiyyət qoyaraq günün çox cüzi bir hissəsini bu məşğuliyyətlərə ayırın. Əks təqdirdə, onlara aludə olaraq günün sonunda qiymətli vaxtınızın çox hissəsini itirmiş olarsınız.
5. Otağınızı və ya yazı masanızı tələbə həyatınıza uyğun şəkildə düzənləyin.
Əgər ayrıca otağınız varsa, onu, yoxdursa, yazı stolunuzu tələbə həyatına uyğun olaraq yenidən təşkil edin. Qələmdən ta qovluq və ya çantanızadək hər bir əşya üçün dəqiq yer ayırın.
6. Mühüm işlərinizi gündəlik olaraq planlaşdırın.
Hər gün (istər institut/universitet, istərsə də evdə) görəcəyiniz bütün işlərin siyahısını tərtib edin. Yaxşı olardı ki, bunu hər gün yatmazdan öncə edəsiniz ki, səhər tezdən artıq nədən başlayacağınızı dəqiq biləsiniz. Çünki insanı irəli aparan da əslində nə istədiyini dəqiq bilməsidir.
7. Texnologiyanın ən son yeniliklərindən faydalanaraq işlərinizi asanlaşdırın.
Burada hər şey sizin təxəyyülünüz və kreativliyinizdən asılıdır. Məsələn: mobil telefonunuzdan təkcə rabitə və ya əyləncə vasitəsi kimi deyil, intellektual köməkçi kimi də istifadə edə bilərsiniz. Necə? – Sadəcə, mobil telefonunuz buna imkan verirsə, oraya elektron lüğət və ya digər faydalı və sizə lazım olan materialı yükləyib yol gedərkən vaxtınızı itirmək əvəzinə, ondan yararlana bilərsiniz. Və ya telefonunuzda audio vəsaitlərə, o cümlədən diktofona yazdığınız mühazirə materiallarına qulaq asmaqla sabahkı seminara artıq yolda hazırlaşmış olarsınız.
8. Gün ərzində etdiklərinizin xronometrajını tərtib edin.
Günün xronometrajı dedikdə gün başlayandan bitənədək mühüm işlərin yerinə yetirilmə vaxtının qeyd olunması nəzərdə tutulur. Məsələn: “sabahkı seminarı hazırladım 22.00 – 22. 30–da” və s. Beləcə, bir həftə müddətində hər bir günün xronometrajını aparsanız, həftə ərzində nələrə daha çox vaxt ayırdığınızı, vaxtdan istifadədə hansı boşluqların olduğunu görəcəksiniz. Bu, sizə daha məhsuldar çalışmaqda və vaxta qənaət etməkdə yardımçı olacaq.
9. Mühazirə materialını oxuyarkən qeydlər aparın.
Seminara və s. hazırlaşarkən vacib məqamları yazılı şəkildə qeyd etsəniz, material daha tez və asanlıqla yadda qalar.
10. Normal yuxu rejiminə əməl edin.
Vaxtında yatın və sutkalıq yuxu normanızı alın ki, daha məhsuldar çalışa biləsiniz. Nə qədər çox məhsuldar və effektiv işləyərsinizsə, bir o qədər vaxta qənaət etmiş olarsınız. Lazımi miqdarda yatmadıqda yaddaşınız və fikrinizi bir yerə cəmləmə qabiliyyətiniz də zəifləyə bilər. 11. İstənilən iş üçün vaxtınızı düzgün seçin.
Xüsusən zehni əmək tələb edən işlər üçün gününüzün ən məhsuldar vaxtını ayırın ki, öhdəsindən ən qısa zamanda gələsiniz.
12. Təcili işlərinizi vacib olanlardan fərqləndirməyi bacarın.
Bəzən o qədər vacib işləriniz ola bilər ki, onlar arasında prioriteti təyin etməkdə çətinlik çəkə bilərsiniz. Onda onlar arasında təcili olanını vacib olanındən ayırıb öncə təcililəri yerinə yetirin.
13. Hər bir görüləsi iş üçün müəyyən dəqiq vaxt və müddət müəyyənləşdirin.
Hər bir iş üçün qabaqcadan bəlli bir vaxt təyin etsəniz, hər saat nə edəcəyinizi dəqiq bilər və vaxtınızı boşuna itirməzsiniz.
14. Vaxtında istirahət etməyi unutmayın.
Xüsusən zehni əməklə məşğul olarkən hər 1-1.5 saatda 15-20 dəq. istirahət etmək lazımdır ki, daha effektiv çalışa biləsiniz. Unutmayın ki, əsas məsələ çox deyil, effektiv çalışmaqdır.
15. Çətin tapşırıqları ən məhsuldar vaxtınızda yerinə yetirin.
Hər bir insanın bioritmləri günün müəyyən saatlarında daha fəal olur. Sizə çətin görünən işləri həmin dövrə salsanız, vaxtınızdan maksimum faydalanmış olarsınız.
16. Səhər tezdən qalxın.
Səhər tezdən beyin informasiya qəbul etmək üçün daha açıq və təmiz olur. Bundan başqa, səhər tez durmaqla daha çox vaxt qazanmış olarsınız.
17. Günün sonunda bütün fəaliyyətinizi analiz edin.
Günün sonunda bitirdiyiniz işləri siyahıda qeyd edin. Ümumiyyətlə, bu günü nə dərəcədə məhsuldar keçirdiyinizi analiz edin və özünüzə hesabat verin. Bunu yazılı şəkildə etsəniz, daha yaxşı olar. Beləliklə, hər gün vaxtınızdan daha səmərəli istifadə edəcək və bununla da daha çox stimul əldə edəcəksiniz.
18. Kiçik işləri imkan düşdükcə dərhal yerinə yetirin.
Yəni iri işlərinizi yerinə yetirərkən və ya istirahət edərkən arada yaranmış kiçik intervalda dərhal xırda işləri görüb onlardan asanlıqla qurtula bilərsiniz. Məsələn, televizorda hansısa proqrama və ya kinoya baxarkən reklam fasiləsi 5-10 dəq. çəkə bilər. Bu müddət ərzində istənilən bir və ya bir neçə işinizi yerinə yetirsəniz, yükünüz xeyli azalar.
19. Bu günün işini sabaha qoymayın.
Bəli, atalarımız heç də yanılmayıb. Çünki bu günün işi sabaha qaldıqca bəzən o qədər böyüyür və çətinləşir ki, sonra onu görməyə olduqca çox vaxt gedir. Elə isə bir halda ki, bu işi gec-tez yerinə yetirəcəksiniz, onu sabaha saxlamayın, başqa sözlə sabahın vaxtından “oğurlamayın”.
20. Bir neçə işi paralel yerinə yetirməyə adət edin.
İstər tədrislə bağlı tapşırıqlarınızı, istərsə də gündəlik işlərinizi bir -birinə mane olmamaq şərtilə paralel görə bilərsiniz. Məsələn, səhər eyvana və ya həyətə təmiz hava almağa çıxanda, və ya parkda qaçış edəndə özünüzlə pleyerinizi götürməyi unutmayın. Beləcə fiziki məşqlər etməklə yanaşı, həm də audio dərslərə qulaq asaraq biliyinizi artırmış olarsınız. Bu tövsiyə, xüsusən də xarici dil öyrənənlər üçün çox faydalı ola bilər.
21. “Bağışlayın, amma bunu edə bilməyəcəyəm” deməyi bacarın.
Bəli, bəzən dost və tanışlarınıza bunu demək çətin olsa da, vacib işlərinizi vaxtında çatdırmaq üçün bunu söyləməyə məcbursunuz. Başqa sözlə, hər addımınızda prioritetlərinizə sadiq qalmağa çalışın.
Xanım Xatun
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.
Отправить комментарий